REGİONLAR


Qax rayonunun kəndlərində iki məktəb binası istifadəyə verilib

Qax, 13 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Bilik günü” ərəfəsində, sentyabrın 13-də Qax rayonunun Tasmalı və Əlibəyli kəndlərində iki yeni məktəb binası istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimlərdə Təhsil nazirinin müavini İdris İsayev, rayon rəhbərliyi, məktəb kollektivləri, valideynlər və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər iki məktəb binasının açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Mərasimlərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, məktəb kollektivlərinə yeni dərs ilində uğurlar arzulayıb. Bildirilib ki, son illər rayonda təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb. Rayonda 23 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası əsaslı təmir olunub. Hazırda rayonun 7 kənd məktəbi üçün quraşdırılan modul tipli binalarda son tamamlama işləri görülür.

Diqqətə çatdırılıb ki, Əlibəyli kənd tam orta məktəbinin 216 şagird yerlik yeni binası Prezident İlham Əliyevin 2018-ci il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilib. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən Tasmalı kənd tam orta məktəbin yeni binası isə 264 şagird yerlikdir.

Təhsil nazirinin müavini İdris İsayev çıxışında təhsil sisteminin maddi-texniki bazasını təkmilləşdirmədən, formalaşdırmadan onun inkişaf etdirilməsinin çox çətin olduğunu vurğulayaraq deyib: “Son illər təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsinə, təhsil qanunvericiliyinin, tədrisin məzmununun təkmilləşdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevun diqqət və qayğısı nəticəsində, həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdəki ümumtəhsil məktəblərinin demək olar ki, 72 faizi yenilənib, 3200-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Ucqar kəndlərdə 250 modul tipli məktəb quraşdırılıb”.

Bu prosesin davamlı xarakter daşıdığını vurğulayan nazir müavini bildirib ki, cari ildə də 50-si modul tipli məktəb olmaqla, ölkə ərazisində 84 məktəb binasının tikintisi aparılıb. Tədris ilinin başlanğıcınadək 43 məktəb binasının açılışı nəzərdə tutulur. Sevindirici haldır ki, Qax rayonunun iki kəndinin şagirdləri də yeni dərs ilində yeni binalarda təhsil alacaqlar.

Mərasimlərdə müəllim və şagirdlər, valideynlər çıxış edərək təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni məktəb binalarında sinif otaqları ilə yanaşı, fənn kabinetləri, laboratoriyalar, texnologiya və kompüter otaqları, 100 yerlik yeməkxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəblərin həyətində geniş abadlıq işləri aparılıb, idman meydançaları salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.