REGİONLAR
Qaxda Ümummilli Liderin xatirəsinə həsr olunan mini futbol turniri başa çatıb
Qax, 8 may, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Qax şəhərində keçirilən mini futbol turniri rayon Qaz İstismar Sahəsinin 1-ci komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Qax rayon təşkilatının və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprelin 20-də Qax Olimpiya İdman Kompleksində startı verilən turnirdə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları təmsil edən 9 komanda mübarizə aparıb.
Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası yarışı ikinci pillədə başa vurub. Üçüncü yeri rayon Qaz İstismar Sahəsinin 2-ci komandası tutub.
Turnirin bağlanış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, hazırda ölkəmizdə bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib. Bildirilib ki, ənənəvi olaraq hər il keçirilən bu turnir gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlıqlarını inkişaf etdirmək, idmana olan marağını daha da artırmaq məqsədi daşıyır.
Sonda turnirin qaliblərinə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.