REGİONLAR
Qazax sakinləri Prezidentin Sərəncamını böyük sevinclə qarşılayıblar
Qazax, 11 sentyabr, R.Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin sentyabrın 10-da “Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması qazaxlılar, xüsusilə Fərəhli kəndinin sakinləri tərəfindən böyük sevinclə qarşılanıb. Sərəncama əsasən, Qazax rayonu, Y-35-06 (13 km) - Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon manat ayrılıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, 107 saylı Qazax seçki dairəsindən deputat seçilən Səməd Seyidov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Prezidentin imzaladığı bu Sərəncam bütün qazaxlıları sevindirib: “Biz dünən dövlətimizin başçısının Qazaxa diqqət və qayğısının bir daha şahidi olduq. Ötən aylarda Fərəhli kəndində seçicilərimlə keçirdiyim görüşdə sakinlər tərəfindən kənd yolunun çəkilməsi ilə bağlı məsələ qaldırılmışdı. Bununla bağlı tərəfimdən aidiyyəti qurumlara müraciət ünvanlanmışdı. Artıq qaldırılan məsələ öz müsbət həllini tapıb. Biz dövlət başçısının vətəndaş amilinə, onların problemlərinin həllinə nə qədər böyük önəm verdiyinin bir daha şahidi olduq”.
Qazax rayonu Y-35-06 (13 km) - Fərəhli avtomobil yolunun əsaslı təmir olunması çox böyük əhəmiyyət kəsb edir. Bu barədə danışan S.Seyidov qeyd edib ki, Fərəhli kəndi düşmənlə sərhəddə yerləşir. Qazax rayonu ərazisində ən yüksək strateji nöqtə olan Odun dağı bu kəndin ərazisindədir. 928 nəfər əhalisi, 235 təsərrüfatı olan Fərəhli kəndinin əhalisi Dağlıq Qarabağ müharibəsi başlayan ilk gündən doğma torpaqlarının müdafiəsində mətin dayanmış və bu gün də dayanmaqdadır. Bu müharibədə kənd 5 şəhid verib.
“Belə qəhrəman kəndə yolun çəkilməsini yüksək qiymətləndirirəm. Bu xəbəri kənd sakinləri böyük sevinclə qarşılayıblar. Sakinlər yeni asfalt yolun çəkilməsinə, qaldırdıqları məsələnin qısa müddətdə müsbət həllini tapmasına görə Prezidentimizə minnətdarlıqlarını çatdırırlar”, - deyə Milli Məclisin deputatı bildirib.