REGİONLAR
Qazaxda 7418 hektarda şum aparılıb
Qazax, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıqlar, qarşıya qoyulmuş vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. Rayonda kənd təsərrüfatı sahəsində olan inkişafı statistik rəqəmlərdə də görmək mümkündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682 hektarda əkin aparılıb. 2019-cu ildə isə əkin sahəsi genişləndirilərək 21476,3 hektara çatdırılıb.
Rayonda 2020-ci ilin məhsulu üçün hazırlıq işlərinə başlanıb. Havaların əlverişli keçməsi kənd təsərrüfatı işlərinin daha sürətlə aparılmasına təkan verib. Ona görə də rayon üzrə əkinə yararlı sahələrdə şumlama işləri görülür. Bu günə kimi 7418 hektarda şum aparılıb. Bunun üçün kifayət qədər maşın və mexanizm, traktorlar ayrılıb. Hazırda əkin sahələrində 51 texnika işləyir. Əkin işlərinin aqrotexniki qaydalara uyğun həyata keçirilməsinə rayondakı mütəxəssislər tərəfindən nəzarət olunur. Şumlama işlərinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulub.