REGİONLAR
Qazaxda İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunan bilik yarışı keçirilib
Qazax, 24 may, Rauf Hacıyev, AZƏRTAC
Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış 2019-cu il 28 yanvar tarixli müvafiq Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadimin doğulduğu Qazax rayonunda silsilə tədbirlər təşkil edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayon məktəbliləri arasında bilik yarışı keçirilib.
Bilik yarışının keçirilməsində məqsəd məktəblilərin Xalq yazıçısının həyat və yaradıcılığı haqqında biliklərini artırmaqdır.
Mayın 8-də S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbdə, mayın 10-da isə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbdə 23 təhsil müəssisəsinin yuxarı sinif şagirdlərinin iştirakı ilə bilik yarışlarının zona mərhələsi keçirilib. Mayın 23-də isə rayon mərhələsində iştirak etmək hüququ qazanan şəhər və rayon məktəblərinin komandaları arasında bilik yarışı təşkil olunub. Yarışa 8 komanda olmaqla, 40 məktəbli qatılıb. S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbdə keçirilən yarışda Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı görülən işlərdən söz açıb, görkəmli ədibin yubileyinə həsr olunmuş silsilə tədbirlərin ilin sonuna kimi davam edəcəyini diqqətə çatdırıb.
İcra hakimiyyətinin əməkdaşı Gülnar Quliyeva Prezident İlham Əliyevin Xalq yazıçısının 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamın hər bir qazaxlı tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılandığını bildirib. O, yubiley tədbirinin rayonda yüksək səviyyədə qeyd olunması üçün tədbirlər planı hazırlandığını vurğulayıb.
Rayon təhsil şöbəsinin metodisti Orxan Əliyev yarışın qaydalarını izah etdikdən sonra iki mərhələ - yarımfinal və final mərhələləri olmaqla, bilik yarışına start verilib. Komandalara Xalq yazıçısının həyat və yaradıcılığına, əsərlərinə həsr olunmuş suallar təqdim edilib.
Yekun nəticəyə görə şəhər 1 saylı tam orta məktəbin komandası bilik yarışının qalibi olub. Yarışın ikincisi adını M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin komandası qazanıb. Şəhər 2 saylı tam orta məktəbin komandası 3-cü yerə, İkinci Şıxlı kənd tam orta məktəbin komandası isə 4-cü yerə layiq görülüb.