REGİONLAR


Qəbələ, Zaqatala və İlisu qoruqları arasında əməkdaşlıq əlaqələri genişlənir

Qəbələ, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii, Zaqatala Tarix-Mədəniyyət və İlisu Dövlət Tarix-Mədəniyyət qoruqları arasında əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin aparılması məqsədilə “Əməkdaşlıq əlaqələrinin perspektivləri və qarşıda duran vəzifələr” mövzusunda toplantı keçirilib. Zaqatala Tarix-Mədəniyyət Qoruğunda keçirilən tədbirdə hər üç qoruğun rəhbər işçiləri və əməkdaşları iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.

Qonaqlara Zaqatala Tarix-Mədəniyyət Qoruğu haqqında ətraflı məlumat verən qoruğun direktoru Anar Laçınov toplantının hər üç qoruq üçün böyük əhəmiyyət daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, qoruqlar arasında qarşılıqlı fəaliyyət zəminində təcrübə mübadiləsi perspektiv istiqamətlər üçün geniş imkanlar açır.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov və İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev rəhbərlik etdikləri qoruqlar və onların fəaliyyəti barədə geniş məlumat veriblər. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq qoruqların fəaliyyətinə müsbət təsir göstərəcək.

Toplantıda arxeoloji, tarixi və mədəni muzeylər, elmi və peşəkar muzey işçiləri ilə əməkdaşlıq, qarşılıqlı fəaliyyətin perspektivləri və bölgəyə turist axınının artırılmasının aspektləri müzakirə olunub.

Sonra toplantı iştirakçıları Zaqatala qalası, rayon Tarix-diyarşünaslıq muzeyi, Qala düzü pilləkənləri, Dədə Qorqud meydanı və rəsm qalereyası ilə yaxından tanış olublar. Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Rasim Ələsgərov tərəfindən qonaqlara bu tarixi məkanlar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Qəbələ Dövlət-Tarix Bədii Qoruğu tərəfindən Zaqatala və İlisu qoruqlarına Qəbələdə aparılan arxeoloji araşdırmaların hesabatları və rayonun şəhidləri haqqında kitablar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.