REGİONLAR
Qəbələ məktəblisi: Bu həyatımda etdiyim ən maraqlı səyahət idi
Xaçmaz, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
Bu gün ekskursiyamızın sonuncu günü idi. Tur-aksiya elə maraqlı idi ki, zamanın necə keçdiyini heç hiss etmədim. Amma bu müddətdə gördüklərimizə, öyrəndiklərimizə nəzər salanda aydın olur ki, qısa müddətdə çox dərin biliklərə yiyələnmişik. Quba, Qusar, Xaçmazda olduq. Bu rayonların hər birinin özünəməxsus özəlliyi var. Qəbələyə qayıdanda dostlarımla, sinif yoldaşlarımla bölüşəcək xeyli məlumat toplamışam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Rəşad Muradov söyləyib.
Qəbələ rayon Nicat Apayev adına 4 saylı orta məktəbin şagirdi bildirib ki, səyahət zamanı tarixi və turizm məkanları ilə tanış olmaqla yanaşı, intellektual oyunlarda iştirak edib, yaşıllaşdırma aksiyasına qoşulublar. “Bu həyatımda etdiyim ən maraqlı səyahətlərdən biri idi. Ümid edirəm şimal bölgəsinə yenidən gələcəyəm. Buralar çox xoşuma gəldi”,- deyə Rəşad Muradov bildirib.