REGİONLAR
Qəbələdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Qəbələ, 6 mart, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalından azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şanlı zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qəbələ rayonunun igid oğullarının - Bunud kənd sakini mayor İsmayılov Natiq Əjdər oğlunun və Böyük Pirəli kəndindən olan şəhid Qurbanov İsmayıl Yaşar oğlunun doğum günü ilə əlaqədar anım tədbirləri keçirilib.
Rayon icra hakimiyyətinin, Təhsil şöbəsinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, həmçinin hər iki şəhidin təhsil aldıqları kənd məktəblərinin kollektivləri doğum günü ilə əlaqədar şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Şəhidlərin valideynləri və ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.