REGİONLAR
Qəbələdə “Xəmsə” intellektual oyunu üzrə çempionatda 8 komanda mübarizə aparıb
Qəbələ, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Yanvarın 28-də Qəbələ şəhər 1 saylı tam orta məktəbdə 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinə həsr edilmiş gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon çempionatı keçirilib. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən çempionatda tərkibi 14-17 yaşlı gənclərdən ibarət olan 8 komanda mübarizə aparıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, gənclər arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olub.
Çempionatın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov gəncləri əlamətdar yubiley münasibətilə təbrik edib, Prezident İlham Əliyevin gənc nəslə diqqət və qayğısından, ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb.
İntellektual oyunun yekun nəticələrinə əsasən, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası çempionatın qalibi adını qazanıb. Nohurqışlaq kənd və Vəndam qəsəbə 1 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalara rayon Gənclər və İdman idarəsinin kubok və diplomları təqdim edilib.