REGİONLAR
Qəbələdə şagird və valideynlər təhlükəsiz internet üçün filtr xidməti barədə məlumatlandırılıb VİDEO
Qəbələ, 12 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar təşkil edib. İnteraktiv şəkildə aparılan seminarda məktəblilərə internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhər 5 saylı orta məktəbdə keçirilən tədbirdə iştirak edən şagirdlərə, müəllim və valideynlərə “Aztelekom” MMC-nin öz internet istifadəçiləri üçün təqdim etdiyi “informasiyanın filtrlənməsi” rolunu oynayan xidməti barədə məlumat verilib. Bu xidmət sayəsində insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına mənfi təsir edən veb-səhifələr istifadəçilər tərəfindən filtr olunur. Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytlara girişə qadağa qoyulur. Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə bu xidmət səhifələrə girişi məhdudlaşdırır.
“Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev seminar iştirakçılarına məlumat verib ki, bu xidmətdən yalnız azyaşlı uşaqların valideynləri deyil, eləcə də iş saatlarında effektivliyin artırılması məqsədi ilə hüquqi şəxslər də istifadə edə bilərlər. “Valideynlər bilməlidirlər ki, övladlarını bu cür təhlükələrdən qorumaq üçün xüsusi filtr proqramları var. “Aztelekom” olaraq biz abunəçilərimizə təhlükəsiz internet üçün filtr xidməti təqdim edirik”. Xidmətdən istifadə qaydaları ilə bağlı bildirilib ki, istifadəçi “ağ siyahı” yaradaraq, arzuolunan internet resurslarının siyahısını tərtib edir. Eyni zamanda, təhlükəli resursları “qara siyahı”ya salaraq, onlardan istifadəni məhdudlaşdıra bilir. Həmçinin istifadəçi istədiyi vaxt filtri deaktivləşdirir.
Qeyd edək ki, “Aztelekom” MMC bu istiqamətdə tədbirlərin digər rayonlarda da təşkilini nəzərdə tutur. Bu cür maarifləndirici seminarlar daha əvvəl Şamaxı, Hacıqabul və Sabirabad məktəblərində də təşkil olunub.