REGİONLAR
Qəbələnin otel və mehmanxanaları beş ayda 10 mindən çox əcnəbi turistə xidmət göstərib
Qəbələ, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC
2022-ci ilin yanvar-may aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 30 min 725 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 19 min 933 nəfəri və ya 64,9 faizi Azərbaycan, 10 min 792 nəfəri və ya 35,1 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.
Bildirilib ki, yanvar-may aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 189 nəfər və ya 0,6 faiz azalıb. Beş ayda yerli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9785 nəfər və ya 32,9 faiz azalsa da, əcnəbi turistlərin sayında 9596 nəfər və ya 8 dəfə artım qeydə alınıb.
İdarə rəisinin sözlərinə görə, cari ilin yanvar-may aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib - 3658 nəfər. Ümumiyyətlə, beş ayda Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 2325, Hindistandan 746, Küveytdən 508, Rusiyadan 444, Qazaxıstandan 330, Türkiyədən 305, Pakistandan 273, İsraildən 268, Omandan 204, Qətərdən 140, Bəhreyndən 80, İrandan 65, Özbəkistandan 51, ABŞ-dan 50 nəfər turist gəlib. Gələnlərin 1345 nəfəri isə digər ölkələrin vətəndaşları olub.