CƏMİYYƏT
Qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq
Bakı, 19 dekabr, AZƏRTAC
Qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq. Bütün qəbir yerləri dəfni həyata keçirilənlərə nizamlı şəkildə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib.
Şöbə müdiri qeyd edib ki, qəbirlər sıra nömrələrinə uyğun olacaq. Bu, neqativ halları aradan qaldıracaq. Qəbiristanlıqlarda mənfi hallar var idi ki, qəbir yerləri satılırdı, pul tələb olunurdu. Bu qaydalardan sonra isə belə halların baş verməsinin qarşısı alınacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq.
Bundan başqa N.Məmmədov məlumat verib ki, 2018-ci ildə Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib. Komitə rəsmisi əlavə edib ki, bunun əsas səbəbləri həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin olmasıdır. Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq edilib. Həmin kitablar milli-mənəvi dəyərlərimizin əleyhinə olub. Onların sayı təxminən 800-ə yaxındır.