CƏMİYYƏT
Qəhrəmanlıq zirvəsini fəth edən və özünü Vətən uğrunda döyüşlərə hazırlayan böyük vətənpərvər
Bakı, 20 noyabr, AZƏRTAC
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyinin baş direktor müavini Mahir Cəfərov agentliyin əməkdaşı olmuş şəhid Nurlan Zeynalov haqqında məqalə yazıb.
AZƏRTAC məqaləni təqdim edir:
Yaxın vaxtlaradək bizimlə eyni təşkilatda fəaliyyət göstərən fədakar, vətənpərvər, savadlı iş yoldaşımız Nurlan Zeynalov artıq həyatda yoxdur. Amansız, lakin şərəfli ölüm onu sıralarımızdan aparıb. Vətən və torpaq sevgisi bizim hər birimizi Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səfərbər edib. Çağırışa ilk qoşulanlardan biri də bizim Nurlan Zeynalov olub. Vətən torpaqlarının düşməndən azad olunması uğrunda canını fəda etmək kimi şərəfli yolu Nurlan Zeynalov şüurlu seçib. Onun tez-tez təkrar etdiyi “Torpaq uğrunda ölən varsa, Vətəndir” cümləsi əslində Nurlanın həyat devizi olub. O, şəhid olmaqla qəhrəmanımıza çevrilib.
Nurlan Zeynalov 1989-cu ildə Sabirabadda anadan olub. Memarlıq və İnşaat Universitetini müvəffəqiyyətlə bitirib və hərbi borcunu yerinə yetirməyə yollanıb. Əsas məqsədi ali təhsilli mühəndis olmaqla yanaşı, hərb elminin incəliklərini də dərindən öyrənmək istəyi idi. Sanki o özünü Vətən uğrunda döyüşlərə hazırlayırdı. Buna görə də o, hərbi xidmətdə nümunəvi bir vətəndaş kimi xidmət edib, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kursları uğurla başa vurub, ehtiyatda olan zabit kimi tərxis olunub. Hərbi sahəyə xüsusi marağı zabitimizi ölkəmizin Silahlı Qüvvələrində dəsti-xətti və xüsusi rolu olan MSN-nin Milli Aerokosmik Agentliyində işləməyə gətirib çıxarıb. O, Agentliyin institutlarının birində kadr şöbəsinə müdir təyin edilib. Gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində daim nümunəvi fəaliyyəti ilə fərqlənib.
Sentyabrın 27-i onun həyat yolunda qəhrəmanlıq mərhələsinin başlanğıcı olub. Prezident, Ali Baş Kamandan İlham Əliyevin çağırışlarını diqqətlə izləyən Nurlan Zeynalov həmin gündən cəbhəyə böyük yanğı ilə can atmağa başladı. Erməni faşizminin uzun illər xalqımıza verdiyi əzablar onun intiqam hissini gündən-günə artırıb, yağı düşməndən qisas almaq istəyi gənc zabitimizin ümdə arzusuna çevrilib. Bunun üçün əvvəlcə Nurlan Zeynalov iş yerində dostları ilə vidalaşaraq hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə gedib. Çünki Vətən darda idi. O, sentyabrın 29-da isə qızı Nuray, ailənin digər üzvləri və dostları ilə vidalaşaraq Gəncədəki hərbi hissələrin birinə yola düşüb. Baş leytenant Nurlan Zeynalov yeni yaradılmış hərbi hissədə rota kamandiri kimi təyinat alaraq Şuşa uğrunda döyüşlərə atılıb.
Ali Baş Komandanımızın dediyi kimi, Şuşa uğrunda gedən döyüşlər hərb tarixinə qızıl hərflərlə yazılan şanlı səhifələr olacaq.
Bu şərəfli tarixin səhifələrində Nurlan Zeynalovun öz yeri və strategiyası xüsusi bir səhifədə yer alacaq. Döyüşdə yaralanan Nurlan Zeynalov hərbi xəstəxanaya yerləşdirilib. Lakin ilkin müalicə aldıqdan sonra yenidən cəbhəyə can atıb. Bu dəfə o, Xocavənd uğrunda gedən döyüşlərdə rota kamandiri kimi xüsusi ilə fərqlənib. Lakin namərd gülləsi gənc və fədakar komandirin ömrünə son qoyub.
Bu günlərdə Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadovun rəhbərliyi ilə MSN-in və Agentliyin kollektivi şəhid Nurlan Zeynalovun dəfn olunduğu Sabirabada gedib, onun ailəsinə başsağlığı verib, şəhidimizlə qürur duyduqlarını bildiriblər. Qədirbilən xalqımız baş leytenantın əziz xatirəsini daim xatırlayacaq, onun haqqında fəxrlə danışacaq. Agentliyin kollektivi ümüd edir ki, Müdafiə Nazirliyi şəhid baş leytenant Nurlan Rəfail oğlu Zeynalovun qəhrəmanlığını layiqincə qiymətləndirəcək.
Şəhidimizin əziz xatirəsi Milli Aerokosmik Agentliyində də əbədiləşdiriləcək, onun ailəsi, qızı Nuray daim diqqətdə saxlanılacaq. Bu hər birimizin vətəndaşlıq və insanlıq borcumuzdur.