REGİONLAR
Qələbənin 74-cü ildönümü Qusar və Xaçmazda qeyd olunub
Qusar, 9 may, Elxan Yusifli, AZƏRTAC
İkinci Dünya müharibəsində iştirak edən 10 min nəfərdən çox qusarlıdan 6 mini döyüşlərdə həlak olub. Altı mindən çox qusarlı göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə mayın 9-da Qusarda faşizm üzərində tarixi Qələbənin 74-cü ildönümü münasibətilə keçirilən mərasimdə bildirilib.
Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında general Mahmud Əbilovun və Nəriman Nərimanov adına parkda Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin abidəsini ziyarət edib, İkinci Dünya müharibəsində həlak olan həmvətənlərimizin xatirəsini anıblar.
Böyük Vətən müharibəsində iştirak edən qusarlılardan bu gün yalnız üçü yaşayır.
Qusarda Qələbənin ildönümü münasibətilə bayram konserti təşkil olunub.
X X X
Xaçmaz rayon ictimaiyyəti də İkinci Dünya müharibəsində həlak olan xaçmazlıların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
İkinci Dünya müharibəsinə yollanan 8 min 739 xaçmazlıdan 2 min 800 nəfəri həlak olub.
Qələbənin 74-cü ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edənlər bildiriblər ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Bakı nefti faşizm üzərində Qələbə qazanılmasında mühüm rol oynayıb.
Sonra Qələbə günü münasibətilə müharibə veteranları üçün ziyafət təşkil olunub.