SİYASƏT
Qəlyubiyyənin qubernatoru: Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qısa müddətdə sürətlə inkişaf edib
Qahirə, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.
Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətində yerləşən Misir-Azərbaycan Dostluq Parkına gələn səfirliyin əməkdaşları, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qəlyubiyyənin qubernatoru general Əmr Əbdülmunim, Misir ictimaiyyətinin tanınmış nümayəndələri, KİV təmsilçiləri, Qahirə və Ayn-Şəms universitetlərinin bir qrup tələbəsi əvvəlcə parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət edib, burada Azərbaycan və Heydər Əliyev ilə bağlı guşələrlə tanış olublar.
Daha sonra ölkəmizin Misirdəki səfiri Tural Rzayev və Qəlyubiyyənin qubernatoru Ə.Əbdülmunim Misirin kütləvi informasiya vasitələrini maraqlandıran sualları cavablandırıblar.
Bundan başqa, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq Parkında ucaldılmış abidəsini ziyarət edib, önünə əklil qoyublar.
Qahirə Universitetinin magistri Məhəmməd Gövhəri tədbirdə çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verib.
Daha sonra səfir T.Rzayev Ümummilli Liderin Azərbaycan tarixində əvəzsiz rolundan danışıb, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb.
Səfir, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib. O, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin siyasi və iqtisadi böhran keçirdiyini xatırladaraq, məhz Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra Ermənistan və Azərbaycan arasında atəşkəsin elan olunduğunu, “Əsrin kontraktı”nın bağlandığını, ölkə iqtisadiyyatının dirçəldiyini, ordunun gücləndiyini, Azərbaycanın qısa zaman ərzində donor ölkəyə çevrildiyini, onun haqlı mövqeyinin dünya birliyi tərəfindən tanındığını vurğulayıb.
T.Rzayev çıxışında Azərbaycan ilə Misir arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Daha sonra səfir bu günlərdə Qahirədə törədilmiş terror aktları nəticəsində insanların həlak olması ilə əlaqədar Misir xalqına başsağlığı verib.
Qəlyubiyyənin qubernatoru Ə.Əbdülmunim ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun rəhbərliyi altında Azərbaycanın qısa müddət ərzində sürətlə inkişaf etməsi barədə məlumatlı olduğunu qeyd edib. Qubernator yerli idarəetmə orqanları arasında münasibətlərin inkişafının iki ölkənin əlaqələrinin dərinləşməsinə təsir etdiyini vurğulayaraq, bu sahədə indiyədək sıx əməkdaşlığın olduğunu və bundan sonra da əlaqələrin inkişafı üçün səylərini davam etdirəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Ulu Öndərin vəfatının 13 illiyi Misir KİV-lərində işıqlandırılıb və bununla bağlı analitik yazılar dərc olunub.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə