CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağının aparılması, qeydiyyata alınması, idxalı, satışı və saxlanılması ilə əlaqədar sahibkarlarla görüş keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə AQTA sədrinin müavini Balarəhim Quliyev bu sahədə təkmilləşdirmə işlərinin aparıldığını sahibkarların diqqətinə çatdırıb və onlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib.
Qeyd olunub ki, qida təhlükəsizliyi sahəsində beynəlxalq praktikanın tətbiqi sahibkarlar üçün yeni imkanlar yaradacaq, istehlakçı hüquqlarının qorunmasına öz töhfəsini verəcək. Sahibkarların ölkə ərazisinə idxal etdiyi bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin qanunvericiliyin tələblərinə və standartlara uyğun olmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə bitki mühafizə vasitələrinin dövriyyəsinin tənzimlənməsi, bitki mühafizə vasitələrinin milli məlumat bazasının yaradılması, yüksək toksiki ekoloji təhlükəli preparatların siyahısının layihəsi müzakirə olunub. Fermer təsərrüfatlarında çalışan işçilərin təhlükəsizliyinin qorunması, pestisidlər, aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrindən düzgün istifadə qaydalarının təşviqi ilə bağlı regionlarda maarifləndirici görüşlərin bundan sonra da mütəmadi olaraq həyata keçiriləcəyi vurğulanıb.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.