CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyinin könüllü qida nəzarətçiləri koronavirusla mübarizə tədbirlərinə qoşulublar
Bakı, 12 iyun, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikada tətbiq olunan xüsusi karantin rejimi dövründə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq ictimai iaşə müəssisələri, həmçinin ərzaq satışı məntəqələrində maarifləndirmə xarakterli reydlər həyata keçirilir, sahibkarlar xəstəliyin profilaktikası və virusdan qorunmaq yolları barədə ətraflı məlumatlandırılır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sahibkarların və istehlakçıların maarifləndirilməsinə yönəlmiş tədbirlərə bu dəfə AQTA-nın “Könüllü Qida Nəzarətçisi” proqramının könüllüləri də cəlb edilib. Belə ki, könüllü qida nəzarətçiləri ərzaq mağazaları və ictimai iaşə müəssisələrində vətəndaşlarla koronavirusdan qorunmağın yolları, onun törədə biləcəyi fəsadlar haqqında maarifləndirici tədbirlərdə iştirak edib, eyni zamanda, ərzaq məhsulları və meyvə-tərəvəz alarkən diqqət yetirilməli məqamlar, ərzaq və ictimai iaşə müəssisələrində kassaların qarşısında növbə zamanı 2 metrlik məsafənin saxlanılması, tibbi maskadan istifadənin əhəmiyyəti ilə əlaqədar tövsiyələri istehlakçıların nəzərinə çatdırıblar.
Könüllü qida nəzarətçiləri karantin rejimi dövründə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanaraq ərzaq mağazaları və ictimai iaşə obyektlərinə təqdim olunan koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər və sözügedən obyektlərdə yerləşdirilən posterlərlə istehlakçıları tanış ediblər. Həmçinin könüllü qida nəzarətçiləri tibbi maskasız ərzaq mağazalarına daxil olan şəxslərə maska və əlcəklər paylayıb, fərdi mühafizə vasitələrinin virusdan qorunmaqda əhəmiyyətini onların diqqətinə çatdırıblar.
Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlərin həyata keçirilməsi, vətəndaşların, istehlakçı və sahibkarların maarifləndirilməsi tədbirləri bundan sonra da davam etdiriləcək.