İDMAN
“Qızıl top” mükafatı Kriştianu Ronalduya qismət oldu VİDEO
Bakı, 14 yanvar (AZƏRTAC). AZƏRTAC FİFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, Sürixdə 2013-cü ilin ən yaxşı futbolçusuna “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilmişdir. Mükafat portuqaliyalı Kriştianu Ronalduya qismət olmuşdur.
28 yaşlı portuqaliyalı futbolçu milli yığmaların məşqçiləri və kapitanları, habelə mətbuat nümayəndələri arasında səsvermənin yekunlarına əsasən qalib gəlmişdir. Bu fəxri mükafata argentinalı Lionel Messi (“Barselona”) və fransız Frank Riberi də (“Bavariya”) iddia edirdi.
Ronaldu 2013-cü ildə öz klubunun və milli yığmanın heyətində keçirdiyi 56 matçda 66 qol vurmuşdur. 2014-cü il dünya çempionatı ərəfəsində İsveç yığmasına qarşı seçmə yarışda vurulmuş dörd qolun hamısının müəllifi Ronaldu olmuşdur. Beləliklə o, öz yığması üçün dünya birinciliyinə vəsiqə almışdır.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Fransada çıxan “France Football” nəşri ilə birlikdə artıq dördüncü dəfədir ki, “Qızıl top” mükafatını təqdim edir. 2010-cu ildən bəri bu mükafatı hər il Messi almışdı.
Ronaldu 2008-ci ildə “France Football” nəşrinin “Qızıl top” mükafatını almışdır. O vaxt “Qızıl top” mükafatı hələ FİFA-nın “İlin oyunçusu” mükafatı ilə birləşdirilməmişdi. Riberi isə nəinki bu mükafatın sahibi olmamış, üstəlik, heç vaxt ilin ən yaxşı oyunçuları üçlüyünə daxil olmamışdır.
Ən yaxşı qadın futbolçu titulu Almaniya yığmasının qapıçısı Nadin Angererə nəsib olmuşdur. Münxenin “Bavariya” klubunun keçmiş məşqçisi Yupp Haynkes isə ən yaxşı məşqçi hesab edilmişdir.