ELM VƏ TƏHSİL
“Qorqud” Vikipediya Klubunun təlimlərinin əhatə dairəsi genişlənir
Bakı, 30 sentyabr, AZƏRTAC
“Qorqud” Vikipediya Klubunun təlimlərinin əhatə dairəsi genişlənir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Qadınlar Klubu, Fransada “Alim” elmi assosiasiyası, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “BƏƏ-də Azərbaycanlı Xanımlar” qrupunun üzvləri “Qorqud” Vikipediya Metodik Klubu tərəfindən keçirilən təlimlərdə iştirak edilər.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Keçirilən təlimlərin əsas məqsədi “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində ölkəmizə aid məlumatların mənbələr əsasında təkmilləşdirilməsi, xüsusilə elmi, akademik məqalələrin sayının artırılmasıdır. Çünki mənbələr əsasında təkmilləşdirilən məqalələr Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin xarici oxuculara çatdırılması nöqteyi-nəzərindən də uğurlu olar. İştirakçıların təlimlərə maraqları böyükdür və onlar təlimlərdə böyük həvəslə iştirak edirlər. Məqalələrin zənginləşdirilməsinə töhfə verən könüllülərə “Qorqud” Vikipediya Metodik Klubunun diplomları təqdim olunacaq”, - deyə E.Eltürk bildirib.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.