REGİONLAR
Quba “ABAD Factory” İstehsalat Kompleksində ləziz kolbasalar hazırlanır VİDEO
Quba, 4 iyul, Elxan Yusifli, AZƏRTAC
Ağasıyevlər ailəsi Quba “ABAD Factory” İstehsalat Kompleksində ləziz “Doktorskaya” və “Lyubitelskaya” kolbasaları hazırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq yeddi aydır kolbasa istehsalı ilə məşğul olan ailə gün ərzində 100 kiloqram məhsul hazırlamaq imkanına malikdir.
Sifariş əsasında istehsal olunan kolbasalar “ABAD” bakaleyalarında və paytaxtın bir çox marketlərində satışa çıxarılır.
“ABAD”çı Fazil Ağasıyev bildirib ki, ailə üzvləri ilə birlikdə daha çox çalışıb istehsalı artırmaq niyyətindədirlər. “Son yeddi ay ərzində biz işimizi həm istehsal, həm də satış sahəsində inkişaf etdirmişik. Məhsullarımızın satışında “ABAD” bizə kömək edir. Hazırda 8 çeşiddə məhsul hazırlayıb satış mərkəzlərinə göndərə bilirik. İlin sonuna kimi istehsalımızı 400 kiloqrama qədər artırmaq istəyirik”, - deyə F.Ağasıyev bildirib.
“ABAD”çı ailə kolbasa istehsalı üçün lazım olan müasir avadanlıqla tam təmin olunub. Dadlı məhsul istehsalı üçün yüksəkkeyfiyyətli ət və digər ərzaqlardan istifadə olunur.
Həyat yoldaşı ilə birgə çalışan Xumar Ağasıyeva kolbasanın bişirilmə prosesinə nəzarət edir. “Sobamız müasir tipli sobadır. Həm mexaniki, həm də avtomat rejimdə işləyir. Məhsulumuz sobada 75 dərəcədə iki saat bişməlidir. Bişdikdən sonra sobadan çıxarıb soyudulur və etiketlənərək satışa hazırlanır”,- deyə “ABAD”çı söyləyib.
Ağasıyevlər ailəsinin hazırladığı kolbasaların dadına baxanlar məhsulların yüksək keyfiyyəti və ləziz dadından razılıqlarını bildirirlər.
Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı ötən ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib.
İkimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.
Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarların xammalının istehsalata ötürülməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması istiqamətində mühüm işlər görülür.
Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailə fəaliyyət göstərir.