REGİONLAR
Quba və Ukraynanın Truskavets şəhərləri arasında qarşılıqlı əlaqələr qurulur
Quba, 24 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 24-də “Quba şəhəri (Azərbaycan) ilə Truskavets şəhəri (Ukrayna) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqavilə”də nəzərdə tutulan ilk görüş videokonfrans formatında təşkil olunub.
Videokonfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Truskavets şəhərinin meri Andrey Kulçinskiy və digər rəsmi şəxslər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin intensiv inkişaf etdiyi, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğu diqqətə çatdırılıb.
Videokonfransda Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, rayonun turizm potensialı, burada yaşayan azsaylı xalqlar, tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “Quba şəhəri (Azərbaycan) ilə Truskavets şəhəri (Ukrayna) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqavilə” Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu il dekabrın 17-də Azərbaycana səfəri zamanı imzalanıb.