REGİONLAR
Qubada Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin xatirəsi əbədiləşdirilib
Quba, 14 may, Elxan Yusifli, AZƏRTAC
Qubanın Qımıl kəndində Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin xatirəsi əbədiləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd icmasının təşəbbüsü ilə inşa olunan bulaq kompleksinə şəhidin xatirə lövhələri vurulub.
Xüsusi memarlıq formasında inşa edilən abidənin ətrafı abadlaşdırılıb, burada Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır.
Şəhid Nuran Mirzəyev 27 iyul 1999-cu ildə Quba rayonunun Qımıl kəndində anadan olub. Həqiqi hərbi xidmətini iki il əvvəl başa vuran Nuran səfərbərlik çağırışı əsasında Vətən müharibəsinə yollanıb. O, Füzuli, Cəbrayıl,Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 21 yaşlı qəhrəman 2020-ci il oktyabrın 19-da Qubadlı istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Nuran Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərdə fəqləndiyinə görə" medalları ilə təltif olunub.
Şəhidin atası Akif Mirzəyev bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə, müharibə iştirakçılarına dövlət səviyyəsində diqqət və qayğı ilə yanaşılır. Torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayır və bundan sonra da yaşayacaq.