REGİONLAR
Qubada iki il əvvəl soyğunçuluq edən şəxs saxlanılıb
Quba, 19 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il mayın 31-də rayonun Qırmızı Qəsəbə ərazisindəki evlərin birinə qanunsuz daxil olaraq soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Xanməmmədov keçirilən tədbirlərlə saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı F.Xanməmmədov törətdiyi cinayət əməlini etiraf edərək, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup təşkil etdiklərini və zərərçəkən şəxsin evinə qanunsuz daxil olduqlarını bildirib. Onlar ev sahibinin əl və ayaqlarını yapışqan lentlə bağlayaraq evdən 400 ABŞ dolları, külli miqdarda dəyəri olan qızıl brilyant qaşlı üzük, bir cüt brilyant qaşlı sırğa və iki ədəd qızıl boyunbağını oğurlayıblar. F.Xanməmmədov soyğunçuluq yolu ilə əldə etdikləri qızıl-zinət əşyalarını Bakıda yerləşən qızıl alqı-satqısı məntəqələrində sataraq pulları öz aralarında böldüklərini bildirib.
Cinayətdə istifadə edilən gözyaşardıcı sprey, yapışqan lent və kapron bağlama maddi sübut kimi istintaqa təqdim olunub.
F.Xanməmmədovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, o, istintaqa məlum olmayan digər şəxslərlə birlikdə cari il iyunun 25-də Quba rayonunda yerləşən “Nizami” adına parkın ərazisində rayonun Birinci Nügədi kənd sakini S.Qurbanova qarşı xuliqanlıq edərək, nalayiq söyüşlərlə təhqir edib, yumruq və təpik zərbələri endirməklə onun sağlamlığına zərər vurublar.
Saxlanılan F.Xanməmmədovun və digər şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Faktlarla bağlı F.Xanməmmədovun barəsində Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb. Hadisədə iştirak etmiş digər şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.