REGİONLAR
Qubada qəsdən yanğın törədən şəxs saxlanılıb VİDEO
Quba, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada qəsdən yanğın törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dekabrın 8-i gecə saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi aydınlaşıb.
Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Fərahim Ağamirzəyev dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
F.Ağamirzəyev zərərçəkmiş Şahbaz Əliverdiyevlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə olan F.Ağamirzəyev gizlicə tövləyə daxil olaraq yanğın törədib.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.