Qudsi Osmanov: Leninqrad vilayətinin Azərbaycan diasporu siyasət, biznes və ictimai–mədəni həyatın müxtəlif sahələrində mühüm mövqelər tutur
AzerTAg.az
Moskva, 27 oktyabr (AZƏRTAC). Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun vilayətin Azərbaycan diasporu ilə görüşünün yekunlarına dair brifinqdə demişdir: “Leninqrad vilayətinin Azərbaycan diasporu çoxsaylıdır, onun nümayəndələri siyasət, biznes və ictimai–mədəni həyatın müxtəlif sahələrində mühüm mövqelər tuturlar”.
Konsulun sözlərinə görə, azərbaycanlılar arasında bələdiyyə qurumlarının deputatları, o cümlədən 12 min nəfərlik Nevskaya Dubrovka şəhərinin bələdiyyə rəisi, vilayətin qanunvericilik məclisinə deputatlığa namizəd vardır. O demişdir: “Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan diasporunun nümayəndələri ilə görüşün məqsədi də onları Rusiya Federasiyasının Dövlət Dumasına və vilayətin qanunvericilik məclisinə keçiriləcək seçkilərdə fəal iştirak etməyə, öz qüvvə və imkanlarını nümayiş etdirməyə çağırmaqdır”. Baş konsul sözünə yekun vuraraq demişdir: “Şübhəsiz, gələcəkdə istər Leninqrad vilayətində, istərsə də Rusiyanın digər regionlarında azərbaycanlılar mühüm mövqelər tutacaqlar”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var