CƏMİYYƏT
Qurban bayramında 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək
Bakı, 29 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə əlaqədar yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qurban bayramı günlərində ölkə üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.
Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə və təşkil olunan xidmətlərdən yararlana bilərlər.
Qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanlarını
http://afsa.gov.az/uploads/info/warning/siyah___pdf1564406770.pdf linkə daxil olmaqla öyrənmək olar.