REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Musiqi Günündə xüsusi kompozisiya təqdim edib
Qusar, 18 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 18-də Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Musiqi Günü münasibətilə tamaşaçılarına xüsusi kompozisiya təqdim edib.
AZƏRTAC xəbər verir ki, Qusar Mədəniyyət Sarayının səhnəsində təqdim olunan proqramda kollektiv dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” və başqa sevilən səhnə əsərlərindən parçalar nümayiş etdiriblər. Xüsusi ssenari əsasında hazırlanan proqramda musiqili kompozisiya, folklor nümunələri, Azərbaycan və ləzgi dillərində mahnılar da təqdim olunub.
Yetmişə yaxın aktyor heyətinin yer aldığı bir saatlıq kompozisiya üçün xüsusi dekorasiya hazırlanıb. Təqdimatlar qusarlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.