REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrının açıq havada təqdim etdiyi tamaşalar maraqla qarşılanıb
Qusar, 13 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi tərəfindən yay mövsümü boyunca açıq havada təqdim olunan tamaşalar rayona gələn turistlər, eləcə də yerli sakinlər tərəfindən maraqla qarşılanıb.
Teatrın bədii rəhbəri Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, səyyar tamaşalar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyun ayından başlayaraq nümayiş etdirilib. Səhnə əsərləri general Mahmud Əbilovun adını daşıyan mərkəzi meydanda təqdim olunub.
Faiq Qardaşov qeyd edib ki, qapalı məkanlarda təqdim olunan tamaşaları 300-350 nəfər izləyə bilirdisə, açıq havada nümayiş etdirilən hər səhnə əsərinə baxanların sayı 2 min nəfərə yaxın olub.
Nümayiş etdirilən tamaşalar arasında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Asəf Mehmanın “Sədəf”, Hüseynbala Mirələmovun “Xəcalət”, Əhməd Orucoğlunun “Nənənin kələyi” və başqa səhnə əsərləri yer alıb.
Teatrın kollektivi iyulun 16-sı axşam saatlarında yay mövsümünün sonuncu tamaşası ilə şəhər sakinlərinin qonağı olacaq.