REGİONLAR
Qusarda “Oxu günü” təşkil olunub VİDEO
Qusar, 25 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 25-də Qusarda açıq havada təşkil edilən “Oxu günü” çərçivəsində yerli sakinlər və rayona gələn turistlər 600-dən çox kitabla tanış olmaq imkanı qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayondakı “Şahdağ” Turizm Mərkəzinə aparan əsas turizm marşrutu üzərində təşkil olunan “Oxu günü”ndə çoxsaylı qonaqlara gün ərzində çay süfrəsi arxasında dincəlmək və mütaliə etmək imkanı yaradılıb.
Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bu təşəbbüsü oxucuların mütaliə və informasiya mədəniyyətini formalaşdırmaq, əhalinin mütaliə həvəsini yüksəltmək məqsədi daşıyır.
Müsabiqələr və viktorinalar keçirilib, fərqlənən oxuculara kitab və jurnallar hədiyyə verilib.
Rayonun Çiləgir kəndində təşkil olunan “Oxu günü” aksiyasında da müxtəlif mövzularda kitab sərgiləri təşkil edilib. Kitabxana işçiləri burada istirahət edən sakinlərə yeni kitablar nümayiş etdirib, onlar haqqında məlumat veriblər.
Ziyarətçilərə yerli incəsənət nümayəndələri və məktəblilərin ifasında konsert proqramı təqdim olunub.
Açıq havada belə orijinal və maraqlı aksiyaların Qusar mədəniyyət və istirahət parkında, turizm mərkəzlərində də təşkili nəzərdə tutulub.