MƏDƏNİYYƏT
“RƏŞİD BEHBUDOV: HƏYATIN SƏHİFƏLƏRİ”... FOTONUN YADDAŞINDA
Martin 19-da Beynəlxalq Əlaqələr Mərkəzinin, Rəşid Behbudov Fondunun və “Turan” Layihə-Tikinti Şirkətinin təşəbbüsü ilə “Azərbaycan dünyası” qalareyasında “Rəşid Behbudov: Həyatın səhifələri” fotosərgisinin açılış mərasimi olmuşdur.
Qalareyanın direktoru, əməkdar rəssam Arif Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, mərasimdə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq artistləri Arif Məlikov, Habil Əliyev, Ramiz Mustafayev, Yaşar Nuri, Hindistanın ölkəmizdəki səfiri Cyoti Svarup Pande, 1966-cı ildə ölməz sənətkarın Hindistana səfərində tərcüməçi kimi onu müşayiət etmiş, hazırda Varşava Universitetinin professoru Surender Bhutani, “Turan” Layihə-Tikinti Şirkətinin prezidenti Barat Abdullayev və başqaları çıxış edərək, Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindən biri olmuş Rəşid Behbudovun zəngin çalarlı məlahətli səsindən, onun ifaçılığını səciyyələndirən məziyyətlərindən danışmış, müğənni ilə bağlı xatirələrini söyləmişlər.
Qeyd olunmuşdur ki, sərgiyə Rəşid Behbudovun şəxsi arxivindən istifadə etməklə onun həyatı və yaradıcılığı ilə bağlı fotokameranın yaddaşında əbədiləşmiş çox maraqlı şəkillər çıxarılmışdır. Nümayiş etdirilən 50 fotoşəklin arasında sənətkarın respublikamızda və xarici ölkələrdə nüfuzlu şəxsiyyətlərlə çəkdirdiyi ən nadir foto nümunələri ilk dəfə özünə yer tapmışdır.
Ölməz müğənninin həyat yoldaşı Ceyran Behbudova çıxış edərək, Rəşid Behbudovun tükənməz yaradıcılığına, unudulmaz xatirəsinə göstərilən diqqətə və qayğıya görə mərasimin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sərgi aprelin 20-dək davam edəcəkdir.