İQTİSADİYYAT
RF XİN başçısının müavini: İqtisadi və nəqliyyat əlaqələrinin bərpası bütün Cənubi Qafqaz ölkələrinin strateji maraqlarına cavab verir
Moskva, 10 fevral, AZƏRTAC
İqtisadi və nəqliyyat əlaqələrinin bərpası bütün Cənubi Qafqaz ölkələrinin strateji maraqlarına cavab verir.
AZƏRTAC xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində RF xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib.
Nazir müavininin qeyd etdiyi kimi, Rusiya o cümlədən özünün coğrafi mövqeyinə görə ticarət yollarının təbii qovşağı olan Cənubi Qafqazda hər hansı ticari blokadaya və məhdudiyyətlərə qarşı ardıcıl olaraq çıxış edir.
A.Rudenko deyib: “İqtisadi və nəqliyyat əlaqələrinin bərpası bu regiondakı bütün ölkələrin strateji maraqlarına cavab verir. Bu istək Dağlıq Qarabağda atəşkəsin və bütün hərbi əməliyyatların dayandırılması barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatında, həmçinin bu il yanvarın 11-də Moskva sammitinin yekunlarında müəyyən edilib”.
A.Rudenko qeyd edib ki, Rusiya artıq Bakı və Yerevan ilə müvafiq işlərə başlayıb.
“Bununla yanaşı, biz Cənubi Qafqazda sabitliyin təmin olunmasına və tərəqqiyə töhfə verməyə cəhd göstərən digər tərəfdaşlarımızın imkanlarını və səylərini nəzərə alaraq, daha geniş konteksti gözdən qaçırmırıq. Əslində, söhbət Cənubi Qafqaz regionunun bütün azimutlar üzrə maksimal şəkildə nəqliyyat və ticari-iqtisadi açıqlığına nail olmaq məqsədilə bütün region ölkələrinin səylərini birləşdirməyin mümkünlüyündən gedir”, - deyə RF XİN rəhbərinin müavini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva