RƏSMİ XRONİKA
RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN ÇIXIŞI
- Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
Dahi rumın bəstəkarı Corce Eneskunun abidəsinin açılışı mərasimində iştirak etmək üçün bizə yaratdığınız imkana görə sizə minnətdarıq. Təbii ki, bu, sadəcə, bir protokol xarakterli jest deyildir. Bugünkü hadisənin daha bir mənası var. Burada rumın bəstəkarının abidəsinin açılması Azərbaycan Respublikasının rumın mədəniyyətinə, musiqisinə olan hörmətindən irəli gəlir. Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin Rumıniyanın paytaxtında abidəsinin açılışı ilə biz də, rumın xalqı da eynilə sizə, Azərbaycana öz böyük hörmətimizi nümayiş etdirdik.
Bəstəkar Corce Eneskunun qoyduğu irs hər bir rumın üçün bizim keçmişimizin, musiqimizin, mədəniyyətimizin bir hissəsidir. Lakin indi Rumıniya, eyni zamanda, gələcəyini də Eneskunun əsərlərində görür. Rumın bəstəkarı Eneskunun musiqi dünyasına daxil olduqca, siz rumın xalqının ürəyində olan ən məhrəm duyğuları, onun hisslərini anlayacaqsınız. Çünki onun əsərlərində hər bir rumının həyatı boyu keçirdiyi sevinc, qəm-qüssə, nəyəsə inamının olması və ya olmaması, gələcəyə nikbinliklə baxması və sadəcə olaraq, hər bir rumının gündəlik həyat tərzi öz əksini tapmışdır.
Bu gün bizim üçün sevinc dolu bir gündür. Bu gün daim yaddaşımızda qalacaqdır. Cənab Prezident, bu abidənin açılışı barədə qərarların qəbul edilməsi münasibətilə mən şəxsən Sizə öz dərin minnətdarlığımı bildirirəm. Bu işdə iştirak edən bütün şəxslərə öz təşəkkürümü bildirirəm. Sağ olun.
X X X
Sonra Rumıniya Prezidenti Trayan Besesku abidənin müəllifləri - xalq rəssamı, Rəssamlıq Akademiyasının professoru, heykəltəraş Natiq Əliyevlə və memar Rasim Babakişiyevlə görüşdü, onlara dərin minnətdarlığını bildirdi.
Prezidentlər İlham Əliyev və Trayan Besesku mərasimdə iştirak edən Azərbaycanın və Rumıniyanın incəsənət və mədəniyyət xadimləri, sənət adamları ilə görüşüb söhbət etdilər.