RƏSMİ XRONİKA
RUSİYA-AZƏRBAYCAN SƏNƏDLƏRİNİN İMZALANMASI
Yanvarın 25-də, iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə danışıqları başa çatdıqdan sonra, Böyük Kreml sarayının Qırmızı qonaq otağında Rusiya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilmişdir.
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasi ilə Azərbaycan Respublikası arasında Qəbələ radiolokasiya stansiyasının (“Dəryal” RLS) statusu və ondan istifadənin prinsipləri və şərtləri haqqında sazişi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 2010-cu ilədək olan dövr üçün uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqaviləni, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin və Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin Birgə bəyanatını imzaladılar.
Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri barədə sazişi, Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında istehsal kooperasiyası haqqında sazişi Rusiya tərəfindən Rusiya Federasiyası hökuməti sədrinin müavini Viktor Xristenko, Azərbaycan tərəfindən Azərbaycan Respublikası baş nazirinin birinci müavini Abbas Abbasov imzaladılar.
Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında vergi qanunvericiliyinin pozulmasına qarşı mübarizə sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında sazişi Rusiya tərəfindən Rusiya Federasiyası Federal Vergi Polisi Xidmətinin direktoru Mixayıl Fradkov, Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Fərhad Əliyev imzaladılar.
Sərhəd nümayəndələrinin fəaliyyəti haqqında sazişi Rusiya tərəfindən Rusiya Federasiyası Federal Sərhəd Xidməti direktoru Konstantin Totski, Azərbaycan tərəfindən xarici işlər naziri Vilayət Quliyev imzaladılar.