DÜNYA
RUSİYA-HİNDİSTAN BƏYANNAMƏSİ İMZALANMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, dekabrın 3-də Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Manmohan Sinqh Nyu-Dehlidə danışıqların yekunlarına dair birgə bəyannamə imzalamışlar.
Sənəddə deyilir ki, “Rusiya və Hindistan çoxqütblü quruluşa əsaslanan və son on ildə beynəlxalq siyasi aləmdə baş verən mühüm dəyişiklikləri nəzərə alan daha demokratik dünya nizamının bərpa edilməsinə tərafdardırlar”.
Moskva və Nyu-Dehli energetikanı ikitərəfli əməkdaşlığın üstün əhəmiyyətli sahəsi kimi qiymətləndirir və nüvə energetikası sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədirlər. Rusiya və Hindistan BMT sistemində hərtərəfli islahatlar aparılmasının zəruriliyini vurğulamışlar. Bu islahatlarda həm təşkilata üzv dövlətlərin sayının artırılması, həm də müasir gerçəkliklər əksini tapmalıdır.
Bəyannamədə bildirilir ki, terrorizmlə mübarizə uzunmüddətli və ardıcıl əsasda aparılmalı, o, daha sanballı məzmunla dolğunlaşdırılmalıdır. Tərəflər beynəlxalq terrorizmə dair geniş əhatəli konvensiyanın və nüvə terrorizmi aktlarına qarşı mübrizəyə dair beynəlxalq konvensiyanın BMT Baş Məclisi tərəfindən tezliklə qəbul edilməsinə tərəfdar olduqlarını bildirmişlər. Onlar kütləvi qırğın silahlarının yayılması təhlükəsinə qarşı mübarizəni gücləndirməyin zəruriliyini xüsusi vurğulamışlar.
Bəyannamədə İraqdakı vəziyyətlə əlaqədar narahatlıq ifadə edilmiş və ölkənin yeni Konstitusiyası, sabitliyin və təhlükəsizliyinin bərpa olunması məsələləri barədə İraqın daxilində dialoq aparılmasının zəruriliyi nəzərə çarpdırılmışdır.
Moskva və Nyu-Dehli ərəb-İsrail münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında ədalətlə və hərtərəfli şəkildə həllinə tərəfdar olduqlarını bəyan etmişlər.