SİYASƏT
RUSİYA İLƏ FRANSA QARABAĞ MÜNAQİŞƏSİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ FƏALİYYƏTİ BUNDAN SONRA DA SIX ƏLAQƏLƏNDİRMƏYƏ HAZIRDIRLAR
MOSKVA. RF xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov ilə Fransanın Moskvadakı səfiri Klod Blanşmezon arasındakı görüşün yekunları barədə Rusiya XİN-də İTAR-TASS-ın müxbirinə bildirmişlər ki, Rusiya və Fransa “Qarabağ düyününün siyasi yolla tezliklə açılması, sülhün və sabitliyin bərpası naminə öz fəaliyyətlərini bundan sonra da sıx əlaqələndirməyə hazırdırlar”.
Söhbət zamanı diplomatlar Qarabağ böhranının indiki vəziyyətinə və onun nizama salınması perspektivlərinə xüsusi diqqət yetirmişlər. Tərəflər “ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk konfransının həmsədrliyi çərçivəsində Rusiya ilə Fransa arasında təşəkkül tapmış qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin səviyyəsindən məmnun qaldıqlarını bildirmişlər”.
Bundan əlavə, Vyaçeslav Trubnikov və Klod Blanşmezon Müstəqil Dövlətlər Birliyinin fəaliyyəti ilə bağlı məsələləri də müzakirə etmişlər. Rusiya diplomatı MDB ölkələri dövlət başçılarının Soçidə keçirilmiş qeyri-rəsmi zirvə toplantısının yekunlarından danışaraq demişdir ki, “Rusiya Birlik ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə öz xarici siyasətinin öncül istiqaməti kimi baxır”.
Görüşdə Rusiya-Fransa münasibətlərinin bəzi məsələləri və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları da müzakirə olunmuşdur.