SİYASƏT
RUSİYA NÜMAYƏNDƏSİ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN CENEVRƏ GÖRÜŞÜNÜN BÖYÜK ƏHƏMİYYƏTİ OLDUĞUNU BİLDİRİR
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevin və Robert Koçaryanın dekabrın 11-də Cenevrədə keçirilmiş görüşü bir ildən artıq davam edən fasilədən sonra iki ölkə arasında danışıqlar prosesinə yenidən başlanması deməkdir. AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, bu fikri ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun rusiyalı həmsədri, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yuri Merzlyakov İTAR-TASS agentliyinə müsahibəsində bildirmişdir.
Rusiya diplomatı bu görüşün böyük əhəmiyyəti olduğunu vurğulamışdır. O xatırlatmışdır ki, Azərbaycan və Ermənistan liderləri 2002-ci ilin noyabrından bəri görüşməmişdilər. Bundan başqa, onların xüsusi nümayəndələri arasında da bir ildən artıq vaxtda görüş keçirilməmişdir. Y.Merzlyakov demişdir: “Hamı danışıqlar prosesinin yenidən başlanmasını gözləyirdi. Həmsədrlər də, Rusiya diplomatiyası da bunun üzərində işləyirdi. Hesab etmək olar ki, danışıqlar prosesinə yüksək səviyyədə yenidən başlanmışdır və ən başlıcası da budur”.