ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunun gənc alimləri mükafatlandırılıb
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Həmkarlar İttifaqı Komitəsinin və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Tədbiri RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin başlıca məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, RPİ-nin gənc alim və mütəxəssisləri ötən il akademiyanın elmi-ictimai həyatında yaxından iştirak edib, məhsuldar fəaliyyətləri ilə yadda qalıblar.
Sonra GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək akademiyada, həmçinin RPİ-də gənclərin inkişafı istiqamətində görülən mühüm işlərin nəticələrindən danışıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva isə müəssisənin gənc əməkdaşlarının beynəlxalq fəaliyyətindən və çap olunmuş məqalələrindən bəhs edib.
Tədbirdə, həmçinin GAMŞ-ın İdarə Heyətinin üzvləri - dosent Orxan Abbasov, Nərminə Adıgözəlova, Ulduzə Qurbanova və digərləri çıxış edərək iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda müəssisənin elmi-ictimai fəaliyyətində fərqlənən bir qrup gənc - Murad Cahangirov, Günel İmanova, Asif Nəbiyev və Hacı Vahid Axundzadə diplom və pul mükafatları ilə təltif olunublar.