REGİONLAR
Region kitabxanalarında yeni “ALİSA” sistemi tətbiq olunacaq
Qax, 5 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında 5 ildir ki, Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi fəaliyyət göstərir. Ötən müddət ərzində kitabxananın kitab fondunun elektron kataloqun yaddaşına köçürülməsi istiqamətində davamlı iş aparılıb. Bu günədək 7733 adda 103 minə yaxın kitab barədə məlumat elektron kataloqun yaddaşına köçürülüb. Kitabxananın elektron kataloqunda “Retro kitablar”, “Yeni kitablar”, “Uşaq ədəbiyyatı”, “Elektron resurslar”, “Elektron kartoteka” və digər mövzularda məlumat bazaları yaradılıb.
Bu barədə AZƏRTAC-a Qax rayon MKS-nin direktoru Güllü Əhmədova məlumat verib.
Kitabxana fondlarının informasiyalaşdırılmasının vacib strateji məsələyə çevrildiyini, kitabxananın özünün cəmiyyətin intellektuallaşdırılması, elm, təhsil və mədəniyyətin inkişafı prosesində mərkəzi yer tutduğunu diqqətə çatdıran kitabxananın direktoru deyib: “Kitabxana mühüm informasiya mənbəyidir. Müxtəlif istiqamətlər - təhsil, peşə, uşaqların təlim-tərbiyəsi, təsərrüfatın idarə edilməsi, istirahətin təşkili və digər məsələlər üzrə informasiya resurslarının kitabxanalarda cəmlənməsi daima onun xidmətlərinə müraciət etmək imkanı verir”.
Güllü Əhmədovanın bildirdiyinə görə, gündən-günə inkişaf edən ölkəmizdə kitabxana sahəsində də inkişaf, yeniliklər baş verir. Yaxın vaxtlarda bütün region kitabxanalarında yeni avtomatlaşdırılmış kitabxana sistemi - “ALİSA” proqramı tətbiq olunacaq. Bu proqramda işləməyi öyrənmək üçün kitabxananın əməkdaşı avqustda Azərbaycan Milli Kitabxanasında təşkil edilən on günlük təlim kursunda da iştirak edib.