DÜNYA
Rembrantın “Gecə patrulu” əsərinin bərpasını canlı izləmək mümkün olacaq
Bakı, 16 oktyabr, AZƏRTAC
Niderlandlı rəssam Rembrantın ən məşhur əsərlərindən biri, Amsterdamın Rijksmuseum muzeyinin ekspozisiyasının bir hissəsi olan “Gecə patrulu” rəsmi bərpa olunacaq və konservasiya ediləcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bərpa prosesini həm internet-yayımı vasitəsilə, həm də muzeyə gələrək izləmək mümkün olacaq.
“Bərpa işləri dünya ictimaiyyətinin gözləri önündə aparılacaq və müşahidəçilər istənilən yerdə və istənilən zaman prosesi izləyə biləcək. Belə ki, bu əsər böyük əhəmiyyətə malikdir və onu çox adam görmək istəyir. Biz hesab edirik ki, bərpa işləri ilə məşğul olduğumuz zaman da rəsm əsəri ictimaiyyətin üzünə açıq olmalıdır”, - deyə muzeyin direktoru Tako Dibbits bildirib.
Bütün dünyadan cəlb olunan ekspertlərin iştirak edəcəyi bərpa prosesi bir neçə mərhələdə aparılacaq. Mütəxəssislər ilk növbədə rəsmin yüksək keyfiyyətli rəqəmsal şəklini çəkəcəklər. Bu isə təxminən 70 günə başa gələ bilər. Bundan sonra bərpaçılar əsəri detallı analiz edərək növbəti işlərin planını hazırlayacaqlar.
Rəngi solmağa başlayan rəsm əsəri üzərində bərpa işləri 2019-cu ilin iyul ayında başlayacaq.
Qeyd edək ki, əsər son dəfə 1970-ci ildə bərpa olunmuşdu. O zaman Uilyam de Reyk adlı işsiz müəllim bıçaqla əsərə zərər vurmağa cəhd göstərmişdi. Psixiatriya xəstəxanasına göndərilən Reyk 1976-cı ildə intihar etmişdi.