CƏMİYYƏT
Rəqəmsal dünyada yaranan gender fərqinin iqtisadi bərabərsizliyin genişləndirilməsinə təsiri müzakirə olunub
Bakı, 6 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “DigitALL: İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans İsveç krallığının Azərbaycandakı səfirliyi, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və “Gender Hub Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə rəqəmsal dünyada yaranan gender fərqinin sosial və iqtisadi bərabərsizliyin genişləndirilməsinə olan təsirlərdən danışılıb. Konfransın panel iclaslarında rəqəmsal dünyada gender bərabərliyi, qadınların rəqəmsal sahədə inkişafı, kibertəhlükəsizlik mövzuları yer alıb.
Ümumilikdə konfrans iştirakçıları Azərbaycanda rəqəmsal transformasiyanı təbliğ edən qadın liderləri, Bakı və regionlardan olan 40 gənc qadını, gender aktivistlərini və vətəndaş icmalarının təmsilçilərini bir araya gətirib. İştirakçılar vorkşoplara qatılma, digər qadın liderlərlə şəbəkələşmə fürsəti əldə edib, eyni zamanda, rəqəmsallaşma sahəsində gender əsaslı stereotiplərin qırmağa davam etmək və rəqəmsal vasitələrlə yaradılan gender əsaslı zorakılığa qarşı birləşmək üçün maarifləndiriliblər.