ELM VƏ TƏHSİL
Rəsədxana əməkdaşlarının impakt faktorlu jurnallarda 13 məqaləsi dərc edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası elmi şurasının 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, iclasda bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini Elçin Babayev iclas haqqında ümumi məlumat verib.
Tədbirdə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qeyd edib ki, hesabat ilində elmi müəssisənin əməkdaşları tərəfindən 66 məqalə (onlardan 35-i xaricdə), 2 monoqrafiya çap olunub. Əməkdaşların impakt faktorlu jurnallarda 13 məqaləsi dərc edilib, onların əsərlərinə 86 istinad olunub. İl ərzində “Azərbaycan Astronomiya Jurnalı” beynəlxalq standartlara uyğunlaşdırılıb, yeni dizaynda və ingilis dilində çap olunaraq beynəlxalq astronomiya mərkəzlərinə və digər elmi müəssisələrə göndərilib. Rəsədxananın əməkdaşları 30-dan çox xarici ölkə ilə elmi əməkdaşlıq edib, 22 beynəlxalq elmi konfransın iştirakçısı olub.