MƏDƏNİYYƏT
Rəsmləri ilə cəmiyyətin diqqətini ictimai problemlərə yönəldən rəssam
Bakı, 10 yanvar, AZƏRTAC
Astanalı rəssam Saulet Janibek əsərlərində ətraf mühitin çirklənməsi, heyvanlara zorakılıq və narkotiklərlə mübarizə kimi ümumbəşəri problemlərə cəmiyyətin diqqətini yönəltməyi hədəfləyib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, son 10 ildir rəssam realizm, mücərrədləşdirmə və digər sənət üslubundan istifadə edərək ictimai problemlərə dair bir-birindən maraqlı çoxlu sayda şəkil çəkib.
Rəssamlığa uşaqlıq illərindən böyük maraq göstərdiyini deyən fırça ustası hazırda Astanadakı sənət mərkəzində çalışdığını bildirib.
O deyib: “Əsərlərimdə daha çox cəmiyyətimiz, yaşadığımız dünya üçün aktual olan problemləri əks etdirməyə üstünlük verirəm. Çünki bu problemlər - ətraf mühitin çirkləndirilməsi, narkotiklə mübarizə və digər bu kimi məsələlər ümumbəşəri xarakter daşıyır”.