CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatında 44 günlük Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Respublika Veteranlar Təşkilatının inzibati binasında 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşmənin 30 ildə möhkəmləndirdiyi istehkamları, gücləndirilmiş müdafiə xəttini yarıb keçdiyinə diqqət çəkən Cəlil Xəlilov hərbçilərimizin peşəkarlığının dünyanın ən qabaqcıl dövlətlərini də heyrətləndirdiyini vurğulayıb.
Prezident İlham Əliyevin şəhid ailələrinə, qazi və veteranlara böyük diqqət və qayğı göstərdiyini qeyd edən Respublika Veteranlar Təşkilatının sədr müavini Vətən müharibəsində olduğu kimi, bundan sonra da cəmiyyətimizin, o cümlədən onun bir hissəsi olan veteranların və qazilərin dövlətimizin başçısına dəstək verməsinin, onun ətrafında sıx birləşməsinin zəruriliyini vurğulayıb. Sədr müavini, həmçinin bildirib ki, Respublika Veteranlar Təşkilatı hər bir veteran və qazini narahat edən, onları maraqlandıran məsələ və problemlərin həllinə dəstək verməyə, onlarla əlaqədar dövlət qurumları arasında koordinasiya yaratmağa hazırdır. Polkovnik Respublika Veteranlar Təşkilatı və onun yerlərdəki şöbələrinin qapısının bu günədək olduğu kimi, bundan sonra da qazi və veteranların üzünə açıq olacağını bildirib.
Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova əvvəlcə Böyük Vətən müharibəsində xalqımızın faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkərək deyib: “Azərbaycan xalqı digər sovet xalqları ilə birlikdə 1941-1945-ci illərdə faşizmə qarşı müharibədə fəal iştirak edib, bu müharibədə böyük qəhrəmanlıqlara imza atıb. 44 günlük müharibədə isə xalqımızın qeyrətli oğulları müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardılar. Bu müharibədə iştirak edən hər bir qazi, hər bir veteran bizim üçün əziz və dəyərlidir. Onları dəyərli edən isə Vətənimiz, xalqımız, bayrağımız uğrunda vuruşmalarıdır. Mən qazilərimiz, onların göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm.
Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyada yeganə prezidentdir ki, bütün müharibə boyu əsgəri ilə çiyin-çiyinə döyüşdü, onunla bir yerdə oldu. Biz Ali Baş Komandanımızla fəxr edir, qürur duyuruq”.
Çıxış edən Vətən müharibəsi qaziləri Namiq Rufullayev və Elçin Əhmədov müharibə ilə bağlı xatirələrini bölüşüb, dövlətin qazilərə dəstəyindən bəhs ediblər.
Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev qurumun hüquqi və digər məsələlərdə qazilərə dəstək verməyə hazır olduğunu qeyd edib.
Sonda qazilərin bir qismi təşkilata üzv qəbul edilib, xatirə şəkli çəkilib.