DÜNYA
Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin öldürüldüyünü güman edir
Bakı, 16 iyun, AZƏRTAC
Rusiya Müdafiə Nazirliyi Suriyada keçirilən əməliyyat nəticəsində İŞİD qruplaşmasının lideri Əbu-Bəkr əl-Bağdadinin öldürülməsi faktını araşdırır.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, nazirliyin açıqlamasında İŞİD liderinin bu il mayın 28-də Rakka şəhərinin cənubunda öldürülə biləcəyi qeyd olunur. Həmin gün Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aviasiyanın zərbələri nəticəsində İŞİD-in “hərbi şurasının” heyətinə daxil olan 30-dək yüksək vəzifəli səhra komandirinin və 330-a yaxın qruplaşma üzvünün öldürüldüyü iddia edilir.
Müdafiə Nazirliyinin məlumatına əsasən, öldürülən silahlılar arasında Rakka şəhərinin “əmiri” Əbu əl-Hacı əl-Mısri, Rakkadan əs-Suhnaya qədər əraziyə nəzarət edən İbrahim Ən-Naef əl-Həcc və İŞİD-in “təhlükəsizlik xidmətinin rəisi” Süleyman Əl-Şauah da var.
Son vaxtlar əl-Bağdadinin ölümü, yaxud ələ keçirilməsi haqqında zaman-zaman məlumatlar dolaşsa da, onlar təsdiqini tapmayıb. Sonuncu belə məlumat KİV-də iyunun 11-də yayılıb. O vaxt Britaniyanın Daily Mail nəşri Suriya dövlət televiziyasına istinadla İŞİD başçısının Rakka şəhərinə aviasiya hücumları nəticəsində məhv edildiyini yazmışdı.