İDMAN
Rusiya gimnastı Dina Averina bədii gimnastika üzrə 37-ci dünya çempionatında növbəti medalını qazanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Rusiya gimnastı Dina Averina Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında növbəti medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, rusiyalı gimnastın çempionatın fərdi proqramında gürzlərlə final yarışlarındakı çıxışı hakimlər tərəfindən 23,800 xalla qiymətləndirilib.
Çempionatın gümüş medalına 23,300 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə Ukrayna idmançısı Vlada Nikolçenko (22,350 xal) sahib olub.
D.Averina Bakının ev sahibliyi etdiyi dünya çempionatının fərdi proqramında topla yarışlarda qızıl, halqa ilə mübarizədə isə bürünc medal əldə edib.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.
Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.