ELM VƏ TƏHSİL
Rusiyada keçirilən elmi konfransda azərbaycanlı alimlərin məruzələri dinlənilib
Bakı,13 iyun, AZƏRTAC
Azərbaycanlı alimlər Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Krasnodar Universitetinin Şimali Qafqaz ixtisasartırma institutunda “Qloballaşma şəraitində cinayətkarlıqla effektiv mübarizə: problemlər və perspektivlər” mövzusunda XXIII elmi-praktik konfransda iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutundan AZƏRTAC-a bildirilib ki, institutun əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev konfransda “Təqsirləndirilən (şübhəli) şəxsin müdafiə hüququnun müasir şəraitdə təmin edilməsinin bəzi aspektləri” mövzusunda çıxış edib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, professor Nəsir Hüseynov isə konfransda “Müasir şəraitdə hərbi qulluqçuların cinayətkarlığının səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda məruzə ilə çıxış edib.