MƏDƏNİYYƏT
Rusiyalı sənətşünasın “YARAT”da mühazirəsi dinləniləcək
Bakı, 29 oktyabr, AZƏRTAC
Noyabrın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Artxronika” maarifçilik layihəsinin növbəti tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirin qonağı Rusiyanın aparıcı sənətşünaslarından olan Leonid Bajanovdur.
Tədbir çərçivəsində rusiyalı ekspert, 1960-1980-ci illərin rus anderqraund mədəniyyətinin formalaşmasından, yeni cərəyanlardan, sosial realizmdən uzaqlaşma haqqında bəhs edəcək. 60-80-ci illərin sovet incəsənətinin daha bir özəl xüsusiyyəti, milli rəssamlıq məktəblərinin çiçəklənməsidir və bu məktəblərdən hər birinin özünəməxsus dəstxətinin olmasıdır.
Leonid Bajanov 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq bölməsini bitirib. Çoxsaylı məqalələrin müəllifi, Rusiyada və xaricdə keçirilmiş bir çox bədii sərgilərin, həmçinin Venesiya, San-Paulu, İstanbul, Qahirə, Nyu-Dehlidə beynəlxalq biennale və triennale tədbirlərində Rusiya layihələrinin kuratoru olub. Bir sıra qısametrajlı filmlərin rejissoru və müəllifidir.