MƏDƏNİYYƏT
Rusiyanın Birinci televiziya kanalı Elçin Əzizovdan bəhs edib
Moskva, 6 aprel, AZƏRTAC
Rusiyanın Birinci televiziya kanalının “Vremya” xəbərlər proqramının məşhurların özünütəcrid şəraitində həyat tərzindən bəhs edən süjetində Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının solisti Elçin Əzizovdan da bəhs edilib.
AZƏRTAC xəbər verir ki, Birinci kanalın müxbiri Elçin Əzizovu dünyanın ən yaxşı baritonlarından biri adlandırıb. Süjetdə deyilir ki, Elçin Əzizov özünütəcrid dövrünü Moskvadakı mənzilində keçirir. Məşhur soydaşımız deyir ki, uzun müddət vokalsız qalmaq çətin olsa da, qonşuları narahat edib oxumaq istəmir. “Dünyada milyonlarla insan Elçin Əzizovu səhnədə dinləməkdən məmnun olardı, lakin Elçin mənzilində oxumağa ürək etmir”, - deyə müxbir vurğulayıb.
Süjetdə Rusiyanın Böyük Teatrının digər məşhur solistlərindən də bəhs edilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva