İQTİSADİYYAT
Rusiyanın LİT elmi-istehsalat birliyi ölkəmizlə əməkdaşlığın artırılmasında maraqlıdır
Bakı, 13 aprel (AZƏRTAC). “CATEF-2013” I Xəzər beynəlxalq su texnologiyaları sərgisində çaylar, Xəzər dənizi və s. hövzələrə axıdılan tullantı və kanalizasiya sularının zərərsizləşdirilməsi üçün təmizləyici avadanlıqlar təqdim edirik. Təklif etdiyimiz texnologiya biosenozu, suyun flora və faunasını qoruyub saxlayır ki, bu da özü-özlüyündə çox böyük əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın LİT elmi-istehsalat birliyinin layihə direktoru Kirill Stepanov demişdir.
O qeyd etmişdir ki, biz artıq “Azərsu” ASC-yə məxsus su kanallarında böyük obyektlərin ilkin tədqiqat işlərini yerinə yetirmişik və Buzovna təmizləmə stansiyası, habelə digər ərazilər üzrə layihələndirmə işlərinə başlamışıq. Bizin sizin ölkənizlə əməkdaşlığın artırılmasında maraqlıyıq. Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyimiz müştəriləri artıq Rusiya, Avropa ölkələri, ABŞ və Çində tətbiq edilən ən qabaqcıl texnologiyalarla, habelə ətraf mühitin mühafizəsi üçün ən mükəmməl avadanlıqlarla təmin etməyə hazırdır.
Şirkətimiz içməli və tullantı suların ultrabənövşəyi şüalar vasitəsilə zərərsizləşdirilməsi üçün avadanlıqların işlənib hazırlanması və tətbiq edilməsi sahəsində iyirmi ildən artıq təcrübəyə malikdir. Fəaliyyət təcrübəmizdə tullantı suların zərərsizləşdirilməsi üzrə dünyada bir neçə ən iri stansiyanın istifadəyə verilməsi yer alır.