SİYASƏT
Rusiyanın aparıcı “RBK” mediaholdinqinin telekanalı Azərbaycanda prezident seçkilərinə həsr olunmuş veriliş təqdim etmişdir VİDEO
Moskva, 11 oktyabr (AZƏRTAC). Rusiyanın televiziya və radio kanalları Azərbaycanda prezident seçkilərini geniş işıqlandırmışlar.
Ölkənin bir çox aparıcı televiziya kanalları ən baxımlı efir saatlarını Azərbaycanda siyasi durum, seçkilər ərəfəsində vəziyyət, seçkilərin gedişi və nəticələrinin təhlilinə həsr olunmuş analitik verilişlərə ayırmışlar.
Rusiyanın aparıcı “RBK” mediaholdinqinin telekanalı oktyabrın 9-da ənənəvi “Yekunlar” verilişinin saat 21:30 buraxılışını Azərbaycanda prezident seçkilərinə həsr etmişdir. Verilişin qonaqları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və “AvroAzEs” İnstitutunun baş direktoru Vladimir Lepexin olmuşlar.
Verilişin aparıcısı Yuri Tamentsev diqqətə çatdırmışdır ki, son illərdə Azərbaycan balanslaşdırılmış xarici siyasət yeridir. Bəs seçkilərdən sonra Azərbaycan-Rusiya münasibətləri hansı məcrada inkişaf edəcəkdir?
Səfir Polad Bülbüloğlu bildirmişdir ki, Azərbaycanın bütün qonşuları və tərəfdaşları ilə düşünülmüş xarici siyasəti ilk növbədə dövlət başçısının xidmətləridir. Səfir demişdir: “Bilirsiniz ki, Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır, 1 milyona yaxın qaçqın və koçkün öz yurdundan didərgin düşmüşdür. Belə ciddi vəziyyətdə qonşular, maraqlar arasında tarazlığı saxlamaq lazımdır və biz buna çalışırıq”. Diplomat vurğulamışdır ki, əlbəttə, Azərbaycanın qonşuları və tərəfdaşları ilə münasibətləri prioritet məsələdir, ancaq Azərbaycan Prezidentinin fəaliyyətinin başlıca istiqaməti xalqın, dövlətin maraqlarının, milli maraqların müdafiəsidir.
“AvroAzEs” İnstitutunun baş direktoru Vladimir Lepexin demişdir ki, bu gün Azərbaycan rəhbərliyi son dərəcə savadlı strategiya nümayiş etdirir. Bu strategiya ən müxtəlif siyasi qüvvələr, dostlar, tərəfdaşlar və sərmayədarlarla əməkdaşlıq etməyə imkan verir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkədə mövcud olan sabitlik onun regionda güclü dövlətə çevrilməsinin başlıca amilidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir P.Bülbüloğlu qeyd etmişdir ki, Rusiyanın Cənubi Qafqazda nüfuzunu nəzərə alaraq, dost dövlətin bu məsələyə çox ciddi diqqət yetirməsi vacibdir. P.Bülbüloğlu demişdir: “Bu münaqişə Cənubi Qafqazda hər an alışa biləcək ocaqdır. Biz istəyirik ki, Rusiya ədalətin tərəfindən çıxış etsin. İşğal olunmuş ərazilər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu isə ayrıca müzakirə olunacaqdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva